Hibrid avtomobil almağa qərar verməmişdən bunları oxuyun..

Son dövrlər ekoloji və qənaətcil avtomobillərə marağın artması yollarda hibrid avtomobillərin çoxalması və sürücülərimiz arasında bəzi “miflərin” yayılmasına gətirib çıxarır.

 

Masterclass.az olaraq kiçik bir araşdırma apardıb, ilk Hibrid avtomobilini almaq istəyənlərə “6 məsləhətimizi” təqdim edirik.

 

İlk öncə onu qeyd edək ki, hibrid avtomobillər həqiqətən də adi daxili yanma mühərrikli avtomobillərlə müqayisədə həm ekoloji cəhətdən təmiz, həm də qənaətcildir. Elə isə bilməli olduğunuz 6 məsləhət:

 

1. Sürətlənmə sizə qəribə gələ bilər.

 

Hibrid avtomobillərin tarixinə baxdıqda ilk hibrid avtomobillərdə sürətlənmə ilə bağlı problemlər yaşanırdı.

Hansı problem? Qaz pedalına basdıqdan sonra gecikmələr və ya reaksiyaların olmaması və s. kimi problemlər.

Məsələ elektrik və benzin mühərrikə keçid vaxtı pillələr qutusunun reaksiyası bu iki hissə arasında özünü necə aparmasına bağlı idi. Əslində hibrid avtomobil istehsalçıları bunu problem kimi görmürdülər, amma sürücülərdən gələn çoxsaylı şikayətlərdən sonra başqa şirkətlər də Toyota və onun lyuks sinifi olan Lexusun tətbiq etdikləri CVT sürətlər qutusunu öz hibrid avtomobillərinə tətbiq etməyə məcbur oldular.

Düzdür bu keçid bir az çox çəkdi, lakin xoşbəxtlikdən bunu biz görmədik. Çünki Azərbaycana gətirilən ilk hibrid avtomobillər elə Toyota və Lexus markasının avtomobilləri idi.

İndiki müasir hibrid avtomobillərin isə demək olar ki, 99% CVT pillələr qutusu ilə təchiz olunub. Hətta, hibrid olmayan avtomobillər belə. Ona görə əgər ilk dəfə hibrid avtomobil idarə edirsinizsə sürətlənmə qəribə gələ bilər.

 

2. Əyləcləmədə qəribəlik.

 

Bəli, əyləcləmədəki bu qəribəliyi siz də hiss edə bilərsiniz - əgər ki, 2000-ci illərin hibrid avtomobillərini idarə edirdinizsə. Məsələ burasındadır ki, bütün hibrid avtomobilləri regenerasiya oluna bilən əyləc sistemi ilə təchiz olunub. Yəni tormozlanma və ya yoxuş aşağı düşərkən xüsusi çevirici konverter vasitəsilə avtomobilin batareyaları şarj olunur ki, əgər belə olmasa idi hibrid avtomobillər elə də qənaətcil olmazdı.

Niyə 2000-ci illəri qeyd etdim? Həmin illərin hibrid avtomobillərində əyləc pedalını basarkən adi avtomobillər ilə müqayisədə pedalda ağırlıq hiss olunurdu. Amma xoşbəxtlikdən bu narahatlıq illər ərzində aradan qaldırıldı və demək olar ki, adi avtomobildən hibrid avtomobilə keçən sürücü əyləcləmə zamanı fərqi hiss etmir.

Bu sistemin gözəlliyi və qənaətcilliyi haqqında qarşıdakı rubrikalarımızda danışacayıq.

 

 

3. Gözləmədiyiniz qeyri-adi səslər eşidəcəksiniz.

 

Yadımdadır, Priuslar yenicə Bakı küçələrində peyda olmağa başlamışdı. Elə bu dövrdə piyada və sürücülərimiz Priuslardan gələn qəribə səsləri təəccüb ilə qarşılayırdılar. Açığı elə də ürək açan deyildi, amma zamanla sürücülər alışdı.

 

Beləliklə bu məsələni 3 hissəyə ayırmalı olsaq;

 

  • Yadımdadır yaxın tanışım yenicə hibrid avtomobilə keçmişdi maşını saxlayıb dükana düşmüşdü ki, hibrid sistemin batareyaları bitənə yaxın avtomobilin mühərriki özü özünə işə düşdü sürücü və avtomobildəki sərnişinlərin çəkdiyi qorxunu indiyədək danışıb gülürük.

 

Hibrid avtomobildə hərəkətə başlayarkən ilk öncə elektrik mühərrik ilə başlayır ki, çox sakit olur. Ehtiyac yarananda, benzin mühərrik anidən işə düşəndə səsdə böyük fərq hiss edəcəksiniz.

 

  • İkincisi, müasir hibrid avtomobillər CVT sürətlər qutusu ilə təchiz olunduğundan sürətlənmə zamanı adi avtomobillər ilə müqayisədə sürətlər qutusunun keçirmələrini hiss etməyə bilərsiniz bunu çox sürücülər normal qarşılamasa da CVT sürətlər qutusu ilə təchiz olunmuş avtomobil sürənlər avtomobilin mühərrikinin qəribə artan səs verməsini normal qarşılamayaraq hərdən öz narazılıqlarını bildirirlər. CVT sürətlər qutusu haqqında öncəki yazılarımızda tanış ola bilərsiniz.
  • Üçüncüsü, sərfiyyatı yarım litr də olsa düşürmək lazımdırsa istehsalçılar avtomobildə ağırlıq yarada biləcək şeylərdən qurtulurlar. Ağırlıq yaradan və ilk xilas olacaq nədir? Əlbəttə ki, səs izolyasiyası. Hansı ki, bu da öz növbəsində ətrafın, mühərrikin, asfaltın səsini asanlıqla avtomobilin salonuna ötürür.

 

4. Soyuq havalarda sərfiyyatınız artacaq.

 

Hibrid avtomobil sahibləri bu fikrimi dəstəkləyə bilərlər ki, soyuq zamanlarda bu avtomobillərdə sərfiyyat artır və avtomobilin batareyalardan istifadə müddəti azalır. Yəni +20° C sürülən hibrid avtomobilin sərfiyyatı ilə -1°C sürülən hibrid avtomobilin sərfiyyatı əməlli fərqlənir. Niyə?

Bunun bir çox səbəbi var. Əslində hibrid olmayan avtomoillərdə də bu özünü göstərir amma biz hibrid avtomobillərdən danışırıq. Beləliklə səbəbləri sıralamalı olsaq.

 

  • soyuq havalarda mühərrikdə sürtünmələr artdığından (istifadə etdiyiniz mühərrik yağından asılı olaraq)
  • soyuq havalarda 1 litr benzinə düşən məsafə qət etməsi düşür
  • hibrid avtomobilləri soyuq zamanlarda səhərlər işə salarkən isidici və s. işə düşür deyə mühərrik çox zaman benzinlə işləyir
  • və ən əsası soyuq havalarda batareyaların tutumu da az olur ki, bu da öz növbəsində daxili yanma mühərriyinin daha çox işləməsinə və daha çox yanacaq yandırmasına səbəb olur.

 

5. Əyləc sisteminə daha az pul xərcləyəcəksiniz.

 

Hibrid avtomobilə keçid edənlər yanacaqda qənaət etdikləri kimi əyləc sisteminin periodik baxış və təmirində də qənaət edəcəklər. Buna səbəb 2-ci bölmədə qeyd etdiyim regenerasiya oluna bilən əyləcləmə sistemidir. Siz əyləc pedalına basarkən ilkin vəziyyətdə avtomobil elektrik mühərriki və enerji yarada bilən generatorları hesabına durmağa çalışdığından əyləc bəndi və əyləc dayağı elə də çox işlənmədiyindən bu detalların ömrü digır avtomobillər ilə müqayisədə daha uzun ömürlü olur ki, bu da öz növbəsində pulunuzun cibinizdə qalmasıdır.

Amma burada bir məqamı qeyd etməliyəm burada sizin sürüş tərzinizdən və sürmə xasiyyətinizdən çox şey asılıdır. Yəni aqressiv sürüşə yuxarıda qeyd etdiklərim aid deyil.

 

 

6. Uzunmüddətli qarantiya ilə daha arxayın olacaqsınız.

 

Və gəldik son bölümə -  uzunmüddətli zəmanət ilə daha arxayın olacaqsınız. Düzdür altıncı bölümün başlığı son dövrlərin avtomobillərinə aiddir. Xarici xüsusilə Amerika bazarında 20 il bundan öncəsində hibrid avtomobillərdə yetəri qədər problemlər var idi əsasəndə hibrid avtomobillərin batareyalarında amma bu hallar demək olar ki, indi yoxdur. Hətta Toyota kimi hibrid avtomobillərin atası sayılan bir şirkət avtomobillərinə 250.000-300.000 km zəmanəti heç tərəddüt etmədən verir. 

Bizim bazara gəlincə son 1-2 ildir ki, 0 km avtomobillər servislər tərəfindən toplu şəkildə gətirilməyə başlanılıb və çox sevindirici haldır ki, Azərbaycandakı satılan 0 km hibrid avtomobillərə də ən azı 3 il və ya 150.000 zəmanət verilir.

Sürücülərimizdə ən çox qorxu yaradan hibrid avtomobilin batareyalarıdır. Gəlin etiraf edək ki, 12-14 ilin hibrid avtomobilləri hələ də işləyirsə 0 km aldığınız avtomobillər sizi yarı yolda qoymayacaq. Həmdə ki, zəmanətli avtomobil idarə edirsinizsə ürəyiniz rahat olsun.

 

Belə... Düşünürəm faydalı oldu..

Cəfər Abdullayev

1858 09-06-2023

Paylaş:

Digər xəbərlər